İtaliya A seriyasında 22-ci tur keçirilir. Ötən tur səfərdə “Salernitana”nın qapısından 3 cavabsız top keçirərək sanksiyadan sonra ilk qələbəni qazanan “Yuventus” Turində “Fiorentina” ilə görüşüb. Qarşılaşmada vurulan yeganə qol 34-cü dəqiqəyə təsadüf edib. Adrien Rabyo “qoca sinyora”ya qələbə qazandırıb. Hazırda “Yuventus” 29 xalla 9-cu, “Fiorentina” 24 xalla 14-cüdür.

Çempionatında lideri “Napoli” isə mövsümün ən uğursuz komandalarından “Kremoneze”ni qəbul edib. Qarşılaşmaya gözlənildiyi kimi meydan sahibləri güclü hücumlarla başlayıblar. 22 yaşını qeyd edən Xviça Kvaratsxeliya 22-ci dəqiqədə hesabı açıb. 1-ci hissədə başqa qol olmayıb. Fasilədən sonra fərq artıb. 65-ci dəqiqədə Viktor Osimhen 2-ci topu rəqib qapısından keçirib. 79-cu dəqiqədə isə Elif Elmas mübarizəyə nöqtə qoyub:  “Napoli” – “Kremoneze” 3:0. Beləcə A seriyasının heç bir görüşündə 3 xal əldə edə bilməyən “Kremoneze” 22-ci turda da uğursuzluq yaşayıb. Komanda hazırda 8 xalla 20-cidir. Ardıcıl 6-cı qələbəni qazanan “Napoli” 59 xalla zirvədədir. “İnter” 43 xalla 2-ci, “Atalanta” 41 xalla 3-cüdür.